Mən hicabın əleyhinə deyiləm. İnsanın inancına uyğun geyinməsinə görə mühakimə olunmasını da doğru saymıram. Amma hicabın bir ucu insanın vicdanına, digər ucu Arazın o tayındakı siyasi iradəyə bağlanırsa, məsələ artıq geyimdən çıxır. Təhlükə hicabın özündə deyil, onun siyasi bağlılıq və qarşıdurma vasitəsinə çevrilməsindədir.
Məktəblərdə hicab məsələsini müzakirə edə, verilən qərarla razılaşmaya bilərik. Lakin bu mübahisə bizi bir-birinə düşmən iki cəbhəyə bölməməlidir. Hicablı qadın da, hicabsız qadın da bu ölkənin bərabərhüquqlu vətəndaşıdır. Heç kimin vətənpərvərliyini geyimi ilə, imanını isə siyasi mövqeyi ilə ölçmək olmaz.
Mənim çağırışım budur: dini Arazın o tayındakı siyasi tribunadan deyil, Qurandan, ayələrin özündən öyrənin. İnsanların din haqqında yazdıqlarını Allahın kəlamı ilə eyniləşdirməyin. Dindar şərhçilərin sözü sadəcə şərhdir; onu müqəddəs və sorğulanmaz hökmə çevirmək insanın düşünmək haqqını əlindən alır. Dini izah edən mətnlər siyasi marağa xidmət edəndə, inancı anlamağa kömək etmək əvəzinə məzhəb ayrılıqlarını dərinləşdirə, insanları bir-birindən uzaqlaşdıra bilər. Ümumiyyətlə, məzhəblər İslamı parçalamaq üçün vasitədir.
İnsan özünə sual verməlidir: oxuduğum və dinlədiyim söz məni daha ədalətli, mərhəmətli və məsuliyyətli edir, yoxsa öz həmvətənimə qarşı nifrətlə doldurur? Məni düşünməyə çağırır, yoxsa bir şəxsin dediyinə qeyd-şərtsiz tabe olmağa? İnanc adı ilə bizdən siyasi itaət tələb edilirsə, həmin tələbi sorğulamaq inanca xəyanət deyil, kamillikdir.
Arazın o tayından bizim dilimizdə danışan hər kəsin bizim dərdimizi çəkdiyini düşünməyək. Azərbaycan dilində yayımlanan çağırışları dinləyərkən həmin dilin təhsildə və ictimai həyatda yerinə münasibəti də soruşaq. Həqiqətən bu qədər Azərbaycan dili sevgisi varmı? Varsa, niyə daxildə tətbiq edilmir? Dilimiz bizə siyasi təsir göstərmək üçün qiymətlidirsə, uşaqların o dildə təhsil alması üçün də qiymətli olmalıdır. Xalqa hörmət onun dilində danışmaqdan başlayıb hüquqlarına münasibətdə davam etməlidir.
Xarici bir dini-siyasi rəhbər üçün sinə vuran insan da düşünməlidir: onun dövlətinin marağı ilə mənim Vətənimin marağı toqquşanda hansı tərəfdə dayanacağam? Allaha inanmaq heç bir xarici rəhbərə sədaqət borcu yaratmır. Bizim mənəvi dünyamız başqasının siyasi təsir dairəsinə çevrilməməlidir.
Geosiyasətdə dövlətlər öz maraqlarını hesablayırlar. Biz isə onların hesablarına yalnız dini duyğularımızla cavab versək, başqasının məqsədini öz müqəddəs borcumuz saya bilərik. Buna görə çağırışın necə səsləndiyinə deyil, bizi hara apardığına baxmalıyıq. Qardaşı qardaşa qarşı qoyan, ölkədə nifrəti və qarşıdurmanı artıran sözün dini ifadələrlə bəzədilməsi onun nəticəsini dəyişmir. Bizə “can yandırdığını” deyənlərin canımızı yandıracaq bir yol açmasına imkan verməməliyik.
Dövlətə dəstək vermək hər qərarı alqışlamaq demək deyil. Narazılığımızı bildirərkən də dövlətimizin müstəqilliyini, ictimai sabitliyi və birgə yaşayışımızı qoruya bilərik. Dövlətin üzərinə düşən isə vətəndaşın inancına hörmətlə yanaşmaq, qərarlarını izah etmək və etimadı gücləndirməkdir. Güclü dövlətlə hüquqları qorunan vətəndaş bir-birinin dayağıdır.
İraqda və Fələstində yaşanan faciələri bir səbəblə izah etmək, zərər çəkən insanları günahlandırmaq doğru olmaz. Amma dağılan evlər, məktəblər və ibadətgahlar sülhün nə qədər qiymətli olduğunu göstərir. Müharibə başlayanda nə insanın həyatı, nə də ibadət etdiyi məkan toxunulmaz qalır. Xaos dindarla ateisti ayırmır.
Ona görə bizi birləşdirən Vətəni, bizi fərqləndirən düşüncələrin qurbanına çevirməyək. İnancımızı yaşadaq, suallarımızı verək, haqqımızı müdafiə edək. Amma vicdanımızın açarını heç bir xarici siyasi iradəyə təslim etməyək. Çünki başqalarının burada siyasi maraqları var, bizim isə evimiz, övladlarımız və gələcəyimiz.

Müzakirə
Sosial hesabla giriş inteqrasiyası tamamlandıqdan sonra şərhlər açılacaq. Hazırda fikrinizi əlaqə forması vasitəsilə göndərə bilərsiniz.
Müraciət göndər